Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ölkəmizə səfəri çərçivəsində bu gün Bakıda Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edərək, Anım Kitabına ürək sözlərini yazıb.

Hafta.az-ın yazdığına görə, mətndə qeyd olunur ki, 104 il öncə türk millətinin igid oğulları azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə, bu torpaqları öz vətəniniz kimi müdafiə etmək üçün şəhidlik zirvəsinə yüksəliblər.

"Siz müstəqillik, azadlıq uğrunda fəda etdiyiniz canlarınızla bu vətəni Azərbaycan üçün möhkəmləndirdiniz. Qanınızla suvardığınız bu torpaqlarda cücərən balaca fidanlar həmin gün əlinizdə qaldırılan bayrağı eyni iradə və mənəviyyatla ucaltmağa çalışır. Sizin şəxsi mənəviyyatınız da Azərbaycan əsgərlərinə işıq saçmış, uzun illərdən sonra 44 günlük Vətən müharibəsində vətəninin işğaldan azad edilməsində onlara ruh, əzm və güc vermişdir. Bizlər irsini ürəklərində yaşadan, qüdrətli və nəcib türk millətinin nümayəndələri olaraq müqəddəs əmanətinizi qorumaq üçün buradayıq" yazılan mətndə əlavə olunur ki, şəhidlər ortaq tarix, şüur və qardaşlıq naminə bu torpaqlara öz qəbirləri ilə basdırdığı möhür əbədi qalacaq.

"Sizin şanlı xatirəniz keçmişdə olduğu kimi, gələcəkdə də nəsillərimizə yol göstərəcək. Uca məqamınızda dinc və qürurla yatın. Allahın rəhməti üzərinizədir. Ruhunuz şad olsun", - mətnin sonunda qeyd olunur.